Müsahibələr



Mən geriyə baxmıram, Nildo və Benuahi məsələsi artıq bağlanıb

AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov "Çempion"a müsahibə verib. Futbol11.az həmin dialoqu təqdim edir. 


- Komandanızın fasiləyə qədər olan çıxışını necə dəyərləndirərdiniz?
- Mən hesab edirəm ki, o qədər də pis olmadı. Biz keçən mövsüm əldə etdiyimiz nəticələrlə bu ilki nəticələrlə müqayisə etdikdə görürük ki, daha yaxşıdır. Keçən il bizim 18 oyundan sonra 22 xalımız var idi, hazırda isə 24 xalımız var. Keçən mövsüm də 7-ci pillədə idik, bu il də. Amma unutmayaq ki, çempionatda keçən il 12 komanda var idi. Bu il isə 10 komandanın iştirakı ilə daha rəqabətli çempionatda yarışırıq. Onu da qeyd edim ki, keçən ilki büdcə və heyət indikindən qat-qat üstün idi. Mən hesab edirəm ki, bu gün komanda qənaətbəxş çıxış edir. Düzdür, bundan yaxşı nəticə də əldə etmək olardı. Ancaq biz stabil oyun göstərə bilmədik. Səviyyə aşağı olan yerdə qeyri-stabil oyunların olması labüddür. Səviyyə dedikdə mən futbolçuların fərdi keyfiyyətini və ustalığını nəzərdə tututam. Bu sadaladıqlarım yüksək səviyyədə olmalıdır ki, hər bir rəqibə qarşı eyni güclə mübarizə apara biləsən. Bizim ilk turdan 18-ci tura qədər üstünlüyümüz komanda ruhunun yüksək olmasında özünü göstərib. Bu yöndən biz xeyli iş görmüşük. Bu amil imkan yaratdı ki, biz normal oyun sərgiləyək. Problemlərimiz də var. Bunları həll etməklə biz gələcəkdə dahaa güclü AZAL-ı görə biləcəyik.


- Komandada 5-ci turdan sonrakı enişin səbəbi nə idi?
- Eniş sadəcə nəticə baxımdan olmuşdu. Mən hesab edirəm ki, biz 5-ci turdan sonra əvvəlki turlardan qat-qat üstün oyun sərgiləyirdik. Sadəcə nəticə əldə edə bilmirdik. Elə "Qəbələ" ilə oyunu götürək. Komandamız çox yaxşı oyun göstərsə də sonda məğlub olduq. Ancaq əksinə, 5-ci tura qədər biz, bəlkə də, layiq olmadığımız qələbələr qazanmışdıq. "Qarabağ"la və ya digər oyunları yada salaq. Biz qələbələr qazansaq da, o qədər də məzmunlu oyun sərgiləmirdik. Bu idmandır, belə hallar ola bilir. Məncə, enişdən danışmaq doğru deyil. Ona görə ki, çempionat boyu hər bir komandada belə dövr olur. "Qarabağ" da bir müddət qələbə qazana bilmirdi. Eləcə də digər komandalar. Stabil çıxış etmək üçün kompleks şəkildə işlər görmək lazımdır. Bu gün bizim heyətimiz buna imkan vermir. Biz zirvəyə qalxdıq, ancaq səviyyə imkan vermədi ki, orada qalaq. Reallıq budur və bu reallıqdan qaçmaq olmaz. Ancaq mən yenə də deyirəm, AZAL öz sözünü deyə bilən komandadır. Əgər biz ard-arda iki mövsüm ilk turlardan yüksək pillələrdə ola biliriksə, bu onu göstərir ki, potensial var. Ancaq bu potensialımızı sona kimi göstərmək imkanımız yoxdur. İmkan da sadaladığım səbəblərdən asılıdr. Ehtiyat qüvvəmiz elə də güclü deyil. Siz özünüz də buna şahidsiniz və yazırdınız ki, AZAL filan oyuna 3-4 əsas oyunçusu olmadan çıxacaq. Belə olan halda Premyer liqa səvyyəsində olmayan ehtiyat oyunçu ilə yüksək templi oyunu necə göstərmək olar? Bu problemlərə baxmayaraq biz çalışdıq ki, boşluqları dolduraq. Çalışırıq ki, komanda simasını itirməsin. Hesab edirəm ki, 18 turda biz iki oyunda bərbad çıxış etdik. Bu ilk turda "Neftçi" ilə, 17-ci turda isə "Simurq"la oyunlarda oldu. Digər qarşılaşmalarda heç də rəqiblərdən zəif oyun göstərmədik.


- Bəs fasilədə hansı mövqelər üçün oyunçular almağı planlaşdırmısınız?
- Mən baxıram ki, elə iddialı klublar da hər bir mövqe üçün futbolçu axtarırlar. Onların formalaşmış heyətləri var və bunu edirlər. Ona görə də biz də hər mövqedə yeni futoblçular görmək istəyirik. Artıq bəzi futbolçularımız komandadan ayrılıbılar, Ruslan Tağızadəni qeyd etmək olar. Biz gedənlərin yerini dolduracağıq. Hazırda bizi ən çox narahat edən məsələ hücum xəttindəki problemlərdir.


- Hücum xətti üçün namizədləriniz var, yoxsa hələ axtarışdasınız?
- Namizədlər var, amma onları heyətimizə cəlb edə bilib-bilməyəcəyimizi zaman göstərəcək. Bu da bizim işlərimizi düzgün aparmağımızdan asılıdır.


- Son vaxtlar Nildo və Beniuahinin yenidən AZAL-a qayıdacağı deyilir. Bu nə qədər realdır?
- O məsələ artıq bağlanıb. Çünki Vaqif Sadıqov geriyə baxan məşqçi deyil. Əvvəllər bizdə oynamış oyunçuları qaytarmağı düşünmürük. Biz qabağa baxırıq və yeni futbolçular axtarışındayıq. Hər iki futbolçuya böyük hörmətim var və onlara uğurlar arzu edirəm. Ancaq biz hər yerə bildirmişik ki, bu futbolçuların komandaları ilə müqavilələri var. Onlar barədə nəsə etmək klublarına hörmətsizlik olar. Mən bir klub rəsmisi kimi demək istəyirəm ki, adlarınızı çəkdiyiniz futbolçuların heç biri ilə danışıqlar olmayıb. Ola da bilməz. Çünki onlar hazırda "Xəzər Lənkəran"a məxsus olan oyunçulardır. Biz burada düzgün davranıb, etikanı qorumalıyıq. Təkcə Nildo və Beniuahini yox, başqa futbolçuların adlarını da bizimlə bizimli birgə hallandırırlar. Bilmirəm bu xəbərlər haradan qaynaqlanır. Sizin qəzetiniz vasitəsi ilə bəyan edirəm ki, həmin futbolçular transfer siyahımızda yer almırlar.


- Bəs ehtiyat qüvvə problemini necə həll etməyi fikirləşirsiniz?
- Ehtiyat qüvvə elə transferlər olacaq da. Siz nəyi nəzərdə tutursunuz ki?


- Əsas heyətin bəzi futbolçuları zədə və ya cəza problemindən oyunları buraxdıqda onların yeri açıq-aşkar görünürdü, bu mənada…
- Mən elə bu məsələlərə görə deyirəm ki, rəqabətli komanda formalaşdırmaq istəyirik. Transferlərimiz sırf əcnəbilər olmayacaq, yerli futbolçular da alacağıq. Biz ən azı 4-5 futbolçu cəlb etməklə rəqabətli komanda yaradacağıq. Əsas heyətlə yanaşı, ehtiyatda güclü futbolçularımız olacaq. Elə oyunçular olacaq ki, meydançaya sonradan daxil olub, matçın taleyini dəyişə bilsinlər. Ondan əlavə əvəzedici heyətdə potensialı olan gəncləri əsas komandaya cəlb edəcəyik. Biz bu işə başlamışıq və yenə 4-5 gənc oyunçu yolunu əsas komandada davam etdirəcək. Planlarımız belədir. Bundan əlavə, sizin üçün ilk dəfə deyə bilərəm ki, artıq rəhbərlikdən də məlumat gəlib və AZAL toplanış üçün ölkə xaricinə getməyəcək. Hazırlıqlar Bakıda olacaq.

Afişa
Axtarış
Sosial şəbəkədə bizə qoşul